Basketbol üzrə Azərbaycan çempionu "Sabah" yeni mövsüm öncəsi heyətin formalaşdırılması istiqamətində işləri davam etdirir.

Bu barədə Offsideplus.az-a "Sabah" basketbol klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, komandanın amerikalı basketbolçusu Hassani Qravett ilə müqavilə müddəti başa çatıb və tərəflər əməkdaşlığı uzatmamaq qərarına gəliblər:

"Hassani Qravett ilə müqavilənin müddəti başa çatdı və əməkdaşlığın uzadılmaması qərara alındı. O, İtaliyadan - Avropanın ən güclü liqalarından birindən yaxşı təklif aldı və hər iki tərəf fərqli istiqamətlərdə davam etməyi seçdi. Ona təşəkkür edir, karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq".

Mətbuat xidmətindən həmçinin qeyd olunub ki, qarşıdakı mövsüm üçün heyətin formalaşdırılması prosesi ardıcıl şəkildə davam etdirilir. Transfer əməliyyatları tam yekunlaşdıqdan sonra yeni oyunçularla bağlı klubun sosial media hesabları vasitəsilə rəsmi məlumat veriləcək.