Bakıda keçirilən U-17 dünya çempionatı çərçivəsində Azərbaycan Güləş Federasiyası (AGF) Türkiyə, Qazaxıstan və Mərakeşin müvafiq federasiyaları ilə ikitərəfli əməkdaşlıq memorandumları imzalayıb.
Offsideplus.az xəbər verir ki, razılaşmalar idmanın bu növünün inkişafı, institusional əlaqələrin möhkəmləndirilməsi və idman nailiyyətlərinin artırılmasına xidmət edir.
Sənədlərə əsasən, milli komandaların birgə təlim-məşq toplanışlarının təşkili, beynəlxalq turnirlərdə iştirak imkanlarının genişləndirilməsi, eləcə də məşqçi və hakim heyəti arasında təcrübə mübadiləsi nəzərdə tutulur. AGF beynəlxalq tərəfdaşlıqların genişləndirilməsini idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından prioritet istiqamət kimi qiymətləndirir.


