"Çelsi"nin sabiq müdafiəçisi Marsel Desayi Maksans Lakruanın London klubuna mümkün transferi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Desayi "Kristal Pelas"ın mərkəz müdafiəçisinin 52 milyon funt sterlinqə "Çelsi"yə keçidinin yaxşı addım olduğunu bildirib.

O qeyd edib ki, Lakrua Fransa millisində çıxış edib və yüksək səviyyəli komandada oynayıb.

"Onu tənqid etmək istəmirəm. Bu, həm Lakrua, həm də "Çelsi" üçün yaxşı addımdır. Xabi Alonso üç müdafiəçi ilə oynamağı sevir və öz ideyalarını bu sxemlə həyata keçirmək istəyir. Amma sual yaranır: bu, həqiqətən "Çelsi"nin ehtiyacı olan transferdirmi? Komandaya böyük təcrübəyə malik, artıq özünü sübut etmiş və müdafiənin lideri ola biləcək mərkəz müdafiəçi lazımdır. Bizə mərkəzdə əsl lider gərəkdir. Belə oyunçunun adını çəkmək istəmirəm. Bu, Alonso və klubun işidir – onun fəlsəfəsinə uyğun futbolçu tapmaq. Lakrua üçün bu, yaxşı addımdır, lakin istərdim ki, "Çelsi" öz səviyyəsində, oxşar təzyiq altında oynamış və elit klub təcrübəsi olan müdafiəçi transfer etsin, daha kiçik klubdan deyil", – deyə Desayi bildirib.