Azərbaycan U-20 yığmasının və "Lənkəran"ın baş məşqçisi Anar Sarıyev U-18 millimizin Avropa çempionatındakı çıxışını Offsideplus.az-a dəyərləndirib:

"Açığı, çıxışımızı pis dəyərləndirmirəm. İlk oyunda Polşa ilə qarşılaşmanın əvvəlində yaxşı oyun nümayiş etdirə bilməsələr də və fərq 30-a qədər qalxsa da, sonuncu - dördüncü periyodda gənc basketbolçularımız 22:0-lıq seriya etməyi bacardılar. Məncə, Azərbaycan basketbol tarixində rəqib komandanın son bölümdə 22:0 öndə olmağı kimi bir hal görünməmişdi. Özü də oyunun ən kritik məqamında. Komanda 30 xal uduzanda adətən ruhdan düşür, rəqib isə özünü rahat hiss edib rahat basketbol oynayır. Lakin bizim U-18 millimizin uşaqları çox gözəl oyun nümayiş etdirdilər. İnanıram ki, vaxta daha iki dəqiqə də əlavə olunsa idi, oyundan qalib kimi də ayrıla bilərdilər.

İkinci matçda - Ukraynanı məğlub etdikləri oyunda çox yaxşı komanda oyunu nümayiş etdirdilər, bu çıxışı çox bəyəndim.

Üçüncü görüşdə isə rəqib İslandiya idi. Açığı, İslandiya və Çexiya qrupda favorit komandalardan hesab olunurdu. Onların ilk oyunlarını izləmişdim, çox yaxşı komanda oyunu sərgiləyirlər. Çalışırlar ki, bacardıqları qədər az səhv etsinlər; taktiki cəhətdən çox yaxşı kollektiv formalaşdırıblar. Hüseyn Qaflanovun zədəli olması və komandanın üçüncü oyuna bir qədər yorğun çıxması öz sözünü dedi. Məncə, hesab buna görə belə alındı. Lakin bu gün istirahət edirlər. İnanıram ki, sabah Portuqaliya ilə oyuna tam heyətlə, tam güclə və yalnız qələbə üçün çıxacaqlar".

Qeyd edək ki, B divizionun B qrupunda mübarizə aparan U-18 millimiz 3 turdan sonra 6 komanda arasında 4-ci yeri tutur. Onlar sabah portuqaliyalı yaşıdları ilə üz-üzə gələcək.