Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Sosial Xidmətlər Agentliyi valideyn himayəsindən məhrum olmuş uşaqların idmana inteqrasiyası və özünəinamının artırılması məqsədilə birgə sosial layihə həyata keçirir.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi platformalarında xüsusi yazı dərc olunub. Avropa futbol qurumunun da diqqətini çəkən və 2024-cü ilin avqustundan start götürən təşəbbüs hazırda Bakı, Şəki, Gəncə və Lənkərandakı 6 uşaq evini əhatə edir. Sertifikatlı məşqçilər həftədə iki dəfə uşaqlar üçün məşqlər keçir, eləcə də "Dostluq Kuboku" turnirləri təşkil edirlər.
Təşəbbüs artıq ilk bəhrələrini verir. Bir çox iştirakçı yerli klubların akademiyalarına cəlb olunub. Məsələn, Alina Cəfərli ötən mövsüm Qadınlar Liqasında "Shafa"nın şərəfini qoruyub. Həmçinin 13 qız hazırda "Shafa", "Mərhal", "Neftçi" və "Araz-Naxçıvan"ın aşağı yaş qruplarında çıxış edir.
AFFA-nın Sosial və Ətraf Mühit Bölməsinin rəhbəri Kifayət Mustafayeva layihənin əhəmiyyətini vurğulayıb:
"Məqsədimiz uşaqların fiziki və psixoloji inkişafına dəstək olmaq, komanda ruhunu gücləndirməkdir. Futbol vasitəsilə onlar təkcə idman vərdişləri deyil, həm də liderlik və ünsiyyət bacarıqları qazanırlar".
Uşaq evindən milli komandaya: Fidan Cəfərova örnəyi
Layihənin əsas ilham mənbələrindən biri Azərbaycan millisinin və Türkiyənin "Hakkarigücü Spor" klubunun futbolçusu Fidan Cəfərovadır. 9 yaşında Şəki uşaq evinə yerləşdirilən Fidan AFFA-nın dəstəyi ilə "Mərhal" klubunda futbola başlayıb. 11 yaşında U-15 millisinə çağırılan futbolçu bütün yaş qruplarını keçərək əsas yığmayadək yüksəlib:
"Uşaq evində böyüyəndə gələcək haqqında düşünmürsən, hətta xəyal qurmaq belə lüks görünür. Məni futbola məşqçilərim və komanda yoldaşım Nahida Məmmədova sevdirdi. U-15 millisinə dəvət alanda hər şey dəyişdi. Futbol mənə məqsəd verdi, məni özünəinamlı etdi. Bu gün futbol mənim ailəm və dayağımdır. İstəyirəm ki, hekayəm mübarizə aparan uşaqlara ilham olsun - ümidinizi heç vaxt itirməyin".


