Kabo-Verde millisinin və "Kolambus Kryu"nun müdafiəçisi Stiven Morreyra Lionel Messi ilə 2026 dünya çempionatının 1/16 final mərhələsindəki oyun öncəsi söhbətindən danışıb.

Offsideplus.az xəbər verir ki, Argentina və Kabo-Verde yığmaları arasında keçirilən qarşılaşmada cənubi amerikalılar əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib. Morreyra bildirib ki, bu təcrübəni heç vaxt unutmayacaq:

"Mənim komandam dünyanın ən yaxşıları arasında yer aldı. Bununla çox fəxr edirəm. Qrup mərhələsində heç bir oyunda uduzmamışdıq və bu, mənim üçün böyük qürurdur.

Oyun öncəsi hamı soruşurdu ki, səncə, Messi səni tanıyır? Cavab verirdim ki, bəli, əlbəttə, biz daim bir-birimizə qarşı oynayırıq. Sonra Messi mənə yaxınlaşıb "Salam, necəsən?" dedi, təbrik etdi və s. O, ingiliscə danışdı, bu isə məni bir qədər təəccübləndirdi. Komanda yoldaşlarım çox həyəcanlı idi, amma mən düşündüm ki, diqqətimizi oyuna yönəldək".