"Araz-Naxçıvan" ötən gün 10 futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqladı. Naxçıvan təmsilçisini tərk edənlər arasında Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala var.
Yolları ayrılan 10 oyunçudan 9-u — Bar Kohendən başqa hamısı komandanın əsas heyət üzvləri və daimi çıxış edənlər idi. Məsələn, Simakala çempionatın ən keyfiyyətli hücumçularından biri olmaqla yanaşı, mövsümə də kifayət qədər yaxşı start vermişdi. Nuno Rodrigesə gəlincə, Andrey Demçenko əvvəlcə onu gözdən çıxarsa da, sonradan portuqaliyalının keyfiyyətinə bələd olub şans verdi və o, komandanın ən yaxşılarından birinə çevrildi.
Coşqun, Avram, Bəxtiyar və Rahilin əvəzinə alternativlər tapılıbsa, bu qərarı hardasa anlamaq olar. Amma Felipe Santosu komandada saxlamamaq böyük sual işarəsi doğurur. Komandanın lideri olan, ustalığı və fərdi keyfiyyətləri ilə meydanda fərq yaradan bir futbolçunu da göndərdilər.
Komandanın yeni baş məşqçisinin Cavid Hüseynov olacağı hələ rəsmi olaraq elan edilməsə də, bu təyinatın gerçəkləşəcəyi gözlənilir. Lakin rəhbərliyin hazırkı transfer siyasətindən sonra onun necə bir heyətə rəhbərlik edəcəyi maraq mövzusudur. Kim bilir, bəlkə də gələcəkdə futbolçu tapılmasa, Hüseynov özü karyerasını bərpa edib meydana çıxmağa məcbur olacaq.
Belə görünür ki, komandanın gələn mövsüm üçün əsas hədəfi elitada qalmaq (ya da sadəcə iştirak etmək) olacaq. Çünki bu qədər böyük büdcənin və edilən transferlərin qarşılığında naxçıvanlılar mövsümü sadəcə 6-cı pillədə başa vurdular və çempionatın böyük hissəsində avrokubok zonasından uzaq qaldılar.
Lider oyunçuları "Araz-Naxçıvan"ı tərk etdi, komandanın bu gedişlə sonunun necə olacağını isə zaman göstərəcək...


