"San Antonio Spörs"ün gənc ulduzu Viktor Vembanyama "Oklahoma Siti Tander" üzərindəki dramatik qələbədən sonra komandanın çempionluq seriyası ərəfəsindəki ab-havasını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, NBA-dəki üçüncü mövsümündə komandasını ilk dəfə pley-off mərhələsinə və ardınca NBA Finallarına daşıyan 22 yaşlı fransalı emosiyaları idarə etməyin çətinliyindən danışıb.
Gənc basketbolçu hələ hər şeyin bitmədiyini vurğulayıb:
"Uzun müddətdir belə emosiyalar yaşamırdım. Bu hisslərdən sonra yenidən normal vəziyyətə qayıtmaq böyük sınaqdır. Biz hələ real dünyaya qayıtmalı və ən çətin işi hələ tamamlamadığımızı dərk etməliyik. Fokuslanmaq üçün 30 saatdan çox vaxtımız var".
"Wemby" ləqəbli basketbolçu "San Antonio Spörs" və "Nyu York Niks" arasındakı final seriyasının dünyada böyük maraq doğurmasının onun motivasiyasına təsir etmədiyini də qeyd edib:
"Qlobal diqqət məni motivasiya etmir. Günün sonunda arenaya cəmi 20 min insan toplaşır, bunun heç bir fərqi yoxdur".


