Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün tarixi oyunlarından birinə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız turnirin yarımfinal mərhələsində Serbiya seçməsi ilə üz-üzə gələcək. "Tipos Arena"da keçiriləcək bu gərgin qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Qitə birinciliyinin digər yarımfinal matçında isə Macarıstan və Ukrayna kollektivləri finala vəsiqə uğrunda münasibətlərinə aydınlıq gətirəcəklər. Bu görüşün başlama vaxtı isə saat 21:15-ə təyin olunub.

Qeyd edək ki, turnirdə inamlı təsir bağışlayan millimiz F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək pley-offa yüksəlib. Komandamız 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə minifutbolun iddialı ölkələrindən olan Çexiyanı (5:2) turnirdən kənarlaşdırmağı bacarıb.