“Azərlotereya” ASC-nin “Media Club” layihəsi çərçivəsində 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında “FC 26” çempionatı və futbol viktorinası təşkil olunub.
Offsideplus.az xəbər verir ki, 40-a yaxın media nümayəndəsinin iştirak etdiyi proqramda öncə püşkatma mərhələsi keçirilib, daha sonra jurnalistlər PlayStation platformasında “FC 26” futbol çempionatında yarışıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda birinci yerin qalibi Fanat.az saytının müxbiri Kamil Xudiyev, ikinci yerin sahibi Apasport.az saytının baş redaktoru Rasim Sultanzadə, üçüncü yerdə isə Sportnet.az saytının müxbiri Həşim Məmmədov olub.
Futbolun tarixi, dünya çempionatları, rekordlar və maraqlı faktlara dair sualların yer aldığı viktorinada Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev və Fanat.az saytının müxbiri Kamil Xudiyev qalib olublar. Qaliblərə müxtəlif pul mükafatları və hədiyyələr təqdim edilib.
Tədbir şam yeməyi və futbol üzrə dünya çempionatının yarımfinal qarşılaşmasının birgə izlənilməsi ilə davam edib.
“Azərlotereya”nın “Media Club” layihəsi çərçivəsində mütəmadi olaraq müxtəlif formatlı idman, intellektual və əyləncəli tədbirlər keçirilir. Əsas məqsəd media nümayəndələri arasında ünsiyyəti gücləndirmək, onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə töhfə verməkdir.


