AFFA "Turan Tovuz" klubunun 2026/2027 mövsümündə UEFA-nın bayrağı altında təşkil edilən turnirlərdə iştirak hüququndan məhrum edildiyini rəsmən təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi bəyanatda qeyd olunub.
Məlumata görə, UEFA AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarına istinad edib. Həmin vaxt Tovuz təmsilçisinin bəzi futbolçularının danışılmış oyunlarda iştirakına görə futboldan uzaqlaşdırılması qərara alınmışdı. Bu məsələyə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib. Qurumun 2 iyun 2026-cı il tarixli qərarı ilə "Turan Tovuz"un növbəti mövsümdə UEFA Konfrans Liqasında çıxış etmək hüququ əlindən alınıb.
Xatırladaq ki, 2019-cu ildə I Divizionda mübarizə aparan zaman danışılmış oyunlar skandalı ilə əlaqədar "Turan Tovuz"un 7 futbolçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı hər növ fəaliyyətinə ömürlük qadağa qoyulmuşdu.


