Hazırda xaricdə barmaqla sayılacaq qədər az sayda legioner həyatı yaşayan futbolçumuz var. Ötən həftə Toral Bayramov da onların sırasına qoşulub – 25 yaşlı müdafiəçi Türkiyənin "Bursaspor" klubu ilə 3 illik müqavilə imzalayıb. Digər təmsilçilərimizdən Zamiq Əliyev Albaniya çempionu adını qazanıb, Nəriman Axundzadə isə MLS-də çıxış edən yeganə azərbaycanlı futbolçudur.

Maraqlıdır ki, hər üç oyunçu cənub bölgəsinin yetirməsidir və karyeralarına "Xəzər Lənkəran" klubunda başlayıblar.

Mövzu ilə bağlı Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə Offsideplus.az saytına açıqlama verib:

"Bu futbolçulardan ikisinə — Nərimanla Torala vaxtilə mən məşq keçmişəm. AFFA-nın cənub bölgəsində təşkil etdiyi elit məşqlər futbolun inkişafına yönəlmiş xüsusi bir layihə idi və onlar məhz bu sistemdən yetişdilər. Daha sonra "Xəzər Lənkəran" klubunun aşağı yaş qruplarında çıxış etdilər. Klub fəaliyyətini dayandırandan sonra isə sağ olsun "Qarabağ" rəhbərliyi. Onların karyerasının bu səviyyəyə yüksəlməsində "Qarabağ" klubunun çox böyük rolu var. Baş məşqçi Qurban Qurbanovla 1992-ci ildən bəri yaxın münasibətimiz var, ona xüsusi təşəkkür edirəm. Ölkədə nə qədər istedadlı uşaqlar itib-batır, lakin "Qarabağ" bu gənclərin parlamasında və böyük futbola qazandırılmasında böyük iş gördü".