Azərbaycan milli komandası artıq iki gündür ki, Avstriyada təlim-məşq toplanışını davam etdirir. Millətlər Liqası öncəsi son hazırlıq prosesini keçən yığmamız, bu ayın 5-də Malta, 9-da isə San Marino seçmələrini sınağa çəkəcək.

Bu yoldaşlıq görüşlərinin əhəmiyyəti və komandamız üçün hansı nəticənin uğurlu sayılacağı ilə bağlı Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov Offsideplus.az-a açıqlama verib. Təcrübəli mütəxəssis millinin heyətini və qarşıdakı oyunları belə dəyərləndirib:

"Baş məşqçi heyəti tam əhatə edib. Zədəli oyunçuları nəzərə almasaq, potensialı olub da kənarda qalan hər hansı bir futbolçunun olduğunu düşünmürəm. Bu, rəsmi matçlardan öncəki son mərhələdir, bundan sonra artıq Millətlər Liqasının oyunları başlayacaq. Hər iki rəqibə qalib gəlmək mümkündür. Topa daha çox nəzarət edəcəyimiz bir oyun üslubu izləyəcəyik. Belə matçlarda heç-heçə də qeydə alına bilər, amma bu, heç nəyi dəyişmir. Hazırda əsas istəyimiz komandadakı boşluqları görməkdir, yəni nəticə o qədər də vacib deyil. Təbii ki, San Marino ilə görüşdə qələbə qazanmağa bir növ məcburuq. Lakin qalib gəlsək belə, müəyyən səhvlər yenə üzə çıxacaq. Əsas məqsəd bu çatışmazlıqları vaxtında müəyyənləşdirib aradan qaldırmaqdır".