Ötən ayın 20-də Azərbaycan futbolunun unudulmaz klublarından olan "Xəzər Lənkəran"ın Premyer Liqada keçirdiyi son oyundan düz 10 il ötüb. Bu əlamətdar tarixlə bağlı klubun fəxri prezidenti Mübariz Mənsimovun veteran futbolçuları qəbul etməsi, idman ictimaiyyətində böyük rezonans doğurub. Bu görüşdən sonra "Xəzər Lənkəran"ın peşəkar futbola qayıdacağı ilə bağlı ciddi iddialar ortaya çıxıb.

Məsələ ilə bağlı Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə Offsideplus.az-a özəl açıqlama verib. Federasiya rəsmisi lənkəranlı azarkeşlərin böyük intizarla gözlədiyi bu mövzuya belə münasibət bildirib:

"Elə bir lənkəranlı, elə bir futbol adamı tapılmaz ki, "Xəzər Lənkəran"ın yaşıl meydanlara qayıtmasına sevinməsin. Lakin mən federasiya rəsmisi olduğum üçün bu məsələ rəsmiləşməyənə qədər geniş şərh vermək istəmirəm. Klubun bərpası bir neçə yolla mümkündür. Məsələn, I Liqada çıxış edən hər hansı bir komandanı alıb, adını dəyişdirə bilərlər. Hazırda mən "Xəzər" (Lənkəran) klubunun prezidentiyəm, əgər istəsələr, gəlib komandanı götürə bilərlər. Klubun rəsmi adının necə olmasının fərqi yoxdur, onsuz da hamı ona "Xəzər" deyəcək (gülür). Əsas odur ki, bu böyük klub yenidən bərpa olunsun və fəaliyyətini davam etdirsin".