Mövsümün başa çatması ilə "Kəpəz"lə yollarını ayıran Azər Bağırovun yeni iş yeri rəsmən bəlli olub. 

41 yaşlı mütəxəssis yeni mövsümdən etibarən "Şamaxı"nın uğurları üçün çalışacaq.

O, "şirlər"lə əvvəldən razılıq əldə etmişdi, yoxsa tərəflər arasında danışıqlar son günlərdə baş tutdu? Yeni klubundakı əsas hədəfləri nələrdir?

Azər Bağırov bütün bu suallara Offsideplus.az-a etdiyi özəl açıqlamada aydınlıq gətirib:

"Hər şey çox qısa müddət ərzində cərəyan etdi. Əslində, son dəqiqəyə qədər "Kəpəz"də qala bilərdim. Qismət belə imiş, xeyirlisi Allahdan. Bugünkü vəziyyət bunu tələb etdi. "Şamaxı"dakı əsas məqsədimiz komandanın Premyer Liqadakı mövqeyini möhkəmləndirmək və Azərbaycan futbolu üçün gənc istedadlar kəşf edib yetişdirmək olacaq".