Misli Premyer Liqasında 10-cu turu da geridə qoyduq. Müstəqillik dövrümüzdən bəri futbol tariximizdə nadir hallarda yaşanmış (bəlkə də yaşanmamış) bir şey oldu. Belə ki, turun heç bir oyunu Bakıda keçirilmədi.

Mərkəzi görüş açılış oyununda - Tovuzda idi. Bölgənin “Turan”ı “Sabah”la qarşılaşdı. Çempionatda sonuncu dəfə ötən mövsüm məğlub olan “bayquşlar” Tovuz təmsilçisinin müqavimətini qıra bilmədi. Qərblilər 3:2 hesabı ilə qələbə qazanmağı bacardı.

“Araz-Naxçıvan”… Bu komanda ardıcıl 3-cü turdur ki, hesabda üstün olduğu oyundan qalib ayrıla bilmir. “Zirə”ni iki top fərqi ilə üstələyən Yuri Maksimovun futbolçuları sonda 2:2-lik heç-heçə ilə meydandan ayrıldılar. “Zirə”nin əzmkarlığını da qeyd etməliyik. Amma belə məsələ var ki, “qartallar” qələbə də qazanmır. Son 7 çempionat oyununda komandanın cəmi 1 qələbəsi var.

“Sabah” kimi “Qarabağ” da büdrədi. Qarşılaşmada real qol vəziyyətləri yaşanmadı və matç qolsuz bərabərliklə başa çatdı. Beləliklə, Ağdam təmsilçisi mövsümdə 4-cü dəfə xal itirmiş oldu. Amma məğlub olmayan yeganə komanda da məhz “Qarabağ”dır. 

5 qol vurulsa da, “Şamaxı” - “Neftçi” oyunu turun ən maraqsız qarşılaşmalarından idi. Süni ot örtüyü mümkün keyfiyyəti yerlə bir etdi. Azər Bağırovun kollektivi hesabda 2 dəfə geri düşsə də, tarazlığı bərpa etdi. Lakin 3-cü buraxılan qoldan sonra buna nə gücləri çatdı, nə də vaxtı. 

“Kəpəz” yuxusu davam edir. Gəncə təmsilçisi bu dəfə Namik Ələskərovun baxımlı qolu ilə 3 oyundur uduzmayan “İmişli”ni sıradan çıxardı. Azər Məmmədovun işini kiçiltmək olmaz, amma stadion və ora gələn azarkeşlər bir komandaya maksimum bu qədər motivasiya verə bilər. Komanda tam olaraq 1 ay - 7 oyundur ki, uduzmur: 2 heç-heçə, 5 qələbə. Ehtiyatda qalan oyunu tək “Qarabağ” yox, “Kəpəz” üçün də hesablamaq olar. 9 oyuna 5 qələbə qazanan “xəmsə” 17 xalla 5-cidir. 

Tura Sumqayıtda yekun vuruldu. Eyniadlı komanda “Şəfa”nı qəbul etdi. Paytaxt təmsilçisi də “Araz-Naxçıvan” kimi 3 oyundur ki, qələbəni əldən verir. Çünki komandanın qələbə mentallığı yoxdur. Bu gedişlə olması da çətin görünür. “Şəfa” iki aşkar autsayderdən biri olmağa davam edir. “Sumqayıt” isə 3 xal qazanmalı oyunda iki xal itirdi.