Bakıda keçirilən U-15 Dünya Kubokunda FIFA gənc futbolçuların oyunda iştirakını artırmaq və onların texniki bacarıqlarını inkişaf etdirmək məqsədilə yenilikçi qaydalar sınaqdan keçirib.

Offsideplus.az xəbər verir ki, eksperimental xarakter daşıyan yeni format çərçivəsində tətbiq olunan əsas yeniliklər aşağıdakılardır:

  • Aut əvəzinə ayaqla ötürmə: Topu meydançaya əllə deyil, ayaqla daxil etmək qaydası tətbiq olunub.

  • Limitsiz əvəzetmələr: Oyunçuların meydançada daha çox təcrübə qazanması üçün əvəzetmə sayına məhdudiyyət qoyulmayıb.

  • Yumşaldılmış ofsayd qaydası: Ofsayd yalnız qapıdan 14 metr məsafədə çəkilmiş xətdən sonra qüvvəyə minir.

FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger yeniliklərlə bağlı fikirlərini bölüşərək bildirib:

“Bu yaşda ən vacib şey oynamaqdır. İdmanı sevəndə nə qədər yaxşı olduğunuzu bilmək istəyirsiniz.”

Mütəxəssislərin fikrincə, bu cür yeniliklər gənc oyunçuların oyunda daha aktiv iştirakına və topa daha çox toxunmasına şərait yaradır ki, bu da onların gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.