Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı başa çatıb. Təmsilçilərimiz yarış boyunca həm yunan-Roma, həm də sərbəst güləş növlərində fərqlənərək zəngin medal dəsti ilə yadda qalıblar.

Offsideplus.az Astanada mübarizə aparan pəhləvanlarımızın bütün nəticələrini və yekun göstəricilərini təqdim edir:

Mundialın ən uğurlu çıxışına yunan-Roma güləşçilərimiz imza atıblar. Komandamız 104 xal toplayaraq dünya çempionatını 2-ci pillədə başa vurub. Birinci yeri İran (192 xal), üçüncü yeri isə Özbəkistan (80 xal) tutub.

Qızıl medal: Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) rəqiblərinə aman verməyərək dünya çempionu adını qazanıblar.

Gümüş medal: Nihat Məmmədli (63 kq) yalnız finalda ermənistanlı Karen Aslanyana uduzaraq ikinci yerlə kifayətlənib.

Digər nəticələr: Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Bağdat Sabaza (5:8), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97) isə təsəlliverici görüşdə məğlub olaraq mundialı mükafatsız başa vurublar.

Zədələnən Ülvi Qənizadə (72 kq) və Sərxan Məmmədov (130 kq) üçün də turnirdə mübarizə erkən başa çatıb.

Sərbəst güləş millimizin heyətində son gündə bürünc medal sevinci yaşanıb. 92 kq çəki dərəcəsində debüt edən Ali Tsokayev 3-cü yer uğrunda görüşdə iranlı dünya mükafatçısı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxıb.

Gümüş medal: Arseniy Djioyev (86 kq) yalnız final görüşündə amerikalı ulduz Kayl Deykə gərgin mübarizədə uduzaraq (2:3) gümüş medala yiyələnib.

Bürünc medallar: Ali Tsokayevlə (92 kq) yanaşı, Giorgi Meşvildişvili (125 kq) də 3-cü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baitsayevi məğlub edərək bürünc medal qazanıb.

Son addımda dayananlar: İslam Bazarqanov (57 kq) rusiyalı Abubakar Mutaliyevə (2:6), Turan Bayramov (74 kq) yaponiyalı Yoşinosuke Aoyagiyə (0:11), Cəbrayıl Hacıyev (79 kq) isə belaruslu Maqamedxabib Kadimaqomedova (0:3) uduzaraq bürünc medalın bir addımlığında (5-ci yer) qalıblar. Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) isə yarışı erkən mərhələlərdə başa vurublar.

Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov 1/4 finalda ABŞ-dən olan Zein Rizerforda uduzub.

Sərbəst güləşdə yığmamız komanda hesabında mundialı 4-cü yerdə başa vurub.

Qadınlardan ibarət millimiz üçün Astana sınağı uğursuz alınıb. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) ilk mərhələlərdə rəqiblərinə uduzaraq medalsız qalıblar.