Azərbaycan idman tarixində iz qoyan qlobal miqyaslı daha bir möhtəşəm turnirə – FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etdi. Ölkəmizin beynəlxalq arenada idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirən bu nüfuzlu tədbir müxtəlif ölkələrdən gələn minlərlə gənc istedadı Bakıda bir araya gətirdi. Mundialda FIFA-ya üzv olan 189 ölkənin komandaları iştirak etdi və çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutdu. Bu cür qlobal layihələrin ölkəmizdə yüksək səviyyədə təşkili və idarə olunması böyük idman diplomatiyası, gərgin əmək və strateji yanaşma tələb edir.

Turnirin açılış və final oyunlarının keçirildiyi Bakı Kristal Zalı başda olmaqla, bütün infrastrukturun qüsursuz fəaliyyət göstərməsi təmin edilib. 66 gün ərzində Hövsan Yarış Kompleksində salınan 20 müasir meydança bundan sonra uşaq futbolunun inkişafına və gənc istedadların yetişməsinə xidmət edəcək. Turniri yerində izləyən FIFA prezidenti Canni İnfantino Azərbaycanın qonaqpərvərliyini və təşkilatçılıq imkanlarını yüksək qiymətləndirdi. Media mərkəzində də jurnalistlər üçün hər bir şərait yaradılıb, xarici mətbuat nümayəndələri Bakıdakı təşkilatçılıqdan məmnunluqlarını dilə gətiriblər. Arsen Venger, Pyerluici Kollina, Hristo Stoyçkov və dünya futbolunun digər əfsanələri də bir həftə ərzində Bakıda qonaq olublar. Onlar Azərbaycanın qısa müddətdə yaratdığı şəraiti və futbol infrastrukturunu yüksək qiymətləndiriblər.

Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov festival barədə Offsideplus.az-a açıqlamasında təəssüratlarını bölüşüb:

“Bizim futbolçular üçün gözəl fürsət oldu. DÇ ab-havasını hiss etmək, beynəlxalq təcrübə toplamaq və gün ərzində 2 oyuna çıxaraq yük götürmək futbolçularımız üçün göydəndüşmə idi. Bu, futbolumuzun gələcəyinə böyük təkan verəcək. 189 ölkənin Bakıya gəlməsi böyük hadisədir. 8-ə 8 oyun formatı maraqlı və yaxşı bir təcrübə oldu. 66 gün ərzində belə yüksək səviyyəli işlərin görülməsi alqışlanasıdır. Ölkəmizdə meydança qıtlığı var idi, bu yaşıl meydançalar isə milli komandaların təlim-məşq toplanışları üçün də çox vacibdir. AFFA-ya dəvətə görə təşəkkür edirəm. 84-cü yerə baxmaq yox, gələcəyi düşünmək lazımdır. Gənclərimiz peşəkarlaşıb Azərbaycanı dünya miqyasında tanıtmalıdırlar. Turnir barədə gec məlumat verildiyi üçün hazırlanmağa çox vaxt olmadı. Adətən bu yaş qrupları 1 il hazırlaşır. ‘Sabahın ulduzları’nda yaxşı seleksiya aparılmışdı və potensiallı uşaqlar gözə dəyirdi. Digər futbolçulara səslənirəm ki, həvəsdən düşməsinlər, özlərini möhkəmlətsinlər. Belə turnirləri dəstəkləyirəm və istərdim ki, regionlarda da oxşar yarışlar keçirilsin. Biz futboldan danışmalıyıq. Futbol onların həyat tərzini dəyişməli, onları şəxsiyyət kimi yetişdirməlidir. Ev tikmək üçün təkcə dam kifayət etmir, fundament möhkəm olmalıdır ki, külək əsəndə ev çökməsin".