"Andorra"nın qapıçısı Xesus Ovono "Tenerife"nin hücumçusu Xesus de Migelin vəfatından dərin sarsıntı keçirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

İspaniya Sequndasının XII turunun "Tenerife" – "Andorra" matçının (2:2) sonlarında baş verən dəhşətli toqquşma zamanı sinə nahiyəsindən zərbə alan 30 yaşlı forvardın ürəyi dayanıb və o, bu gün xəstəxanada dünyasını dəyişib.

Mənbənin məlumatına görə, Ovono hadisə anından etibarən de Migelin səhhətini diqqətlə izləyib. "Andorra"nın soyunub-geyinmə otağında baş verənlərlə bağlı ciddi narahatlıq hökm sürüb. Klub rəhbərliyi qapıçının rəqibə xəsarət yetirmək niyyətinin olmadığını vurğulasa da, epizodun dəhşətli nəticələnməsindən dərin kədər duyduqlarını bildirib. Qolkiperin baş verənlərdən psixoloji olaraq son dərəcə sarsıldığı qeyd olunur.

Qarşılaşmadan sonra Ovono ciddi təzyiqlərlə üzləşib. Ona qarşı "qatil" şüarları səsləndirilib, daxil olan təhqiramiz mesajlardan sonra isə futbolçu sosial şəbəkə hesabını silmək məcburiyyətində qalıb.

Ovononun mətbuata açıqlama verməzdən əvvəl de Migelin ailəsi və yaxınları ilə özəl olaraq əlaqə saxlamağı planlaşdırdığı bildirilir.