AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Misli Premyer Liqasının X turunun matçlarında baş verən qayda pozuntuları ilə bağlı sert qərarlar qəbul olunub.
Offsideplus.az xəbər verir ki, tur çərçivəsində ən böyük maliyyə sanksiyasına "Qarabağ" komandası məruz qalıb. Ağdam təmsilçisi ümumilikdə 4500 manat cərimələnib. "Qəbələ" ilə səfər matçında (0:0) azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə klub 3000 manat ziyana düşüb. Bundan əlavə, hücumçu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün "Qarabağ"a daha 1500 manat cərimə tətbiq olunub.
Həmin görüşdə "Zona 1" ərazisinə kənar şəxslər buraxıldığı üçün "Qəbələ" də 1000 manat ödəyəcək.
Turun digər matçlarında da oxşar hallara görə klublar cərimələnib:
Şamaxı" – "Neftçi" görüşünün fasiləsində meydana kənar şəxslər daxil olduğu üçün ev sahibi 2500 manat, əsasnamə tələblərini pozan "Neftçi"nin fotoqrafına görə isə paytaxt klubu 500 manat cərimələnib.
"Turan Tovuz" – "Sabah" matçından sonra meydana kənar şəxs daxil olduğuna görə Tovuz təmsilçisi 2500 manat ödəyəcək. Həmin qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan "Sabah" isə 700 manat cərimə olunub.
"Sumqayıt"la görüşdə 5 oyunçusu xəbərdarlıq alan "Şəfa" klubu da 700 manat cəriməyə məruz qalıb.


