"Qarabağ" 2026/27 mövsümünün hazırlıqlarını davam etdirir. Ağdam təmsilçisi "futbol ili" başa çatar-çatmaz artıq iki yeni transferini rəsmən açıqlayıb.
Onlar sonuncu dəfə çempionluğu əldən verəndə (2020/21 mövsümü), Avropa yoluna Konfrans Liqasından başlamış və Qurban Qurbanovun kollektivi nəinki qrup mərhələsinə, hətta pley-offa qədər yüksəlməyi bacarmışdı. Ötən mövsüm də yerli çempionatda titulun əldən çıxmasından sonra idman ictimaiyyətini bir sual düşündürür: Bu dəfə də "Qarabağ"dan Avropada böyük və yeni uğurlar gözləmək olarmı? Ardıcıl gələn transferlər bunun mesajıdır?
Təcrübəli mütəxəssis Vaqif Sadıqov mövzu ilə bağlı Offsideplus.az-a özəl açıqlama verib:
"Qarabağ"dan gözləntilər həmişə böyükdür. Komandada hər 5 ildən bir yeni heyət formalaşır. Üzümüzə gələn mövsüm üçün də inamımız tamdır. Ötən mövsümdən düzgün nəticə çıxaran, daha güclü bir "Qarabağ" görəcəyik. Onlar son mövsümdə Çempionlar Liqasında ilklərə imza atıb bizi sevindirsələr də, daxili çempionatda liderliyi "Sabah"a təhvil verdilər. İndi klubda ciddi islahatlar aparılır, maraqlı transferlər edirlər. Futbolun müasir inkişafı ilə ayaqlaşmaq lazımdır və Qurban Qurbanovun kollektivi bunu çox gözəl başa düşür. Komandaya yeni güc qatmaqla futbolsevərləri yenidən sevindirməyə çalışacaqlar. İlk oyundan etibarən inamlı "Qarabağ" gözləyirik. Onlar təkcə ölkədə yox, Avropada da böyük uğurlar qazanan, qitənin bütün turnirlərində zəngin təcrübəsi olan bir klubdur. Öz fəlsəfələrindən əl çəkmirlər. İslahatlar və transferlər düzgün edildikcə, hər zaman olduğu kimi, daha güclü və əzəmətli bir "Qarabağ" görəcəyik. İstəyimiz odur ki, təmsilçimiz avrokuboklarda, liqasından asılı olmayaraq, böyük nəticələr qazansın. Əslində bunu bacarırlar və bizi həmişə qürurlandırırlar".


