Fiqurlu konkisürmə üzrə ikiqat dünya çempionu Yevgeniya Medvedeva 13 yaşlı Aleksandr Plyuşenkonun sosial şəbəkələrdə kütləvi tənqidlərə məruz qalması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, əfsanəvi Yevgeni Plyuşenkonun oğlu RU.TV mükafatlandırma mərasimində müğənni Dima Bilanla birgə çıxış edib. Bilan səhnədə "Gladiator" mahnısını ifa edərkən, kiçik Plyuşenko plastik buz üzərində sürüşərək atasının Avroviziya 2008 müsabiqəsindəki məşhur nömrəsini təkrarlayıb. Aleksandrın bu performansı sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub.

Medvedeva mövzu ilə bağlı bu fikirləri səsləndirib:

"Birincisi, uşağı hədəf almaq, onu tənqid etmək mənə görə qəribədir. Özü də canlı yayımda, plastik buz üzərindəki çıxışına görə. Mən buna çox pis baxıram. Bu, istər Saşa Plyuşenko olsun, istərsə də hər hansı digər uşaq - tamamilə yanlış bir addımdır".