“Çox sevincliyəm”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli deyib.
O, “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edib: “Yaxşı oyun oldu. İlk dəfədir ki, milli komandada qol vururam. 2015-ci ildə “Zirə”nin heyətində məhz Ayxan Abbasovun rəhbərliyi altında klubda ilk qolumu vurmuşdum. İndi isə millidə eyni hal yaşandı. Xoş təsadüfdür. Ümid edirəm ki, belə təsadüflər çox olar”.
Albaniyanın “Partizani” klubunda forma geyinən İsgəndərli gələcək planlarından da danışıb: “Ölkə xaricində oynamaq doğrudan da gözəl hissdir. Düzdür, başlanğıcda müəyyən qədər çətinliklər yaşayırsan. Amma bir müddət keçəndən sonra daha rahat olur. Ölkəni xaricdə təmsil etmək isə qürurvericidir. Hələ ki, dönmək kimi bir fikrim yoxdur”.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.


