Uşaq ailənin güzgüsüdür, deyirlər. Odur ki, Azərbaycanın top klublarının ailə daxili vəziyyətini anlamaq üçün akademiyalarında aparılmış təhlillərin hesabatına nəzər salaq.
Bir müddət əvvəl AFFA-nın “Ehtiyacların Təhlili və Dəstək Prosesi” çərçivəsində Premyer Liqa klublarının akademiyalarına təşkil olunmuş monitorinqunun hesabatı yayımlandı.
Klublarımızın Azərbaycan futbolunun gələcəyinə verdiyi töhfələri müəyyən etmək üçün aşağıdakı cədvələ baxmaq kifayətdir.
5 ulduz modeli üzrə simulyativ qiymətləndirməyə görə an etibarilə ən yaxşı səviyyədə futbol akademiyası “Sabah” futbol klubuna məxsusdur. İnfrastrukturu 7 balla dəyərləndirilən akademiyada məşq keyfiyyəti 7,5, məşqçi rifahı və idarəetmə 8,5 bal qiymətləndirilib. 8,0 orta performans ilə “Sabah” 4 ulduz ilə Premyer Liqa klubları arasında ən yaxşı akademiyaya sahibdir.
“Turan Tovuz” və “Sumqayıt” hərəyə 3,5 ulduz ilə ikinci və üçüncü pillədə qərarlaşıb. Hər iki klubun son illərdə ölkə futbolunun gələcəyinə verdiyi töhfələr və atdıqları addımlar sözsüz ki, alqışlanasıdır. “Neftçi”, “Qarabağ”, “Qəbələ” isə 3 ulduz ilə dördüncü, beşinci və altıncı yerləri bölüşür. “Zirə” isə 2,5 ulduzla 7-ci pillədədir.
Cədvəldə şok göstəricini “Qəbələ” klubu göstərib ki, yüksək səviyyədə infrastruktura sahib olan bu klubun loru dildə desək, futbol akademiyasının başını buraxması Azərbaycan futboluna vurulan böyük zərbələrdən biri hesab olunmalıdır. Qəbələ təmsilçisinin Premyer Liqada autsayderlər sırasında olduğunu nəzərə alsaq, mövsümün əvvəlində klublara ayrılan vəsaitin səriştəsiz xərclənməsi gün kimi aydın olur.
Qiymətləndirmə cədvəlinin sonunda “Karvan”, “Araz-Naxçıvan” və “İmişli” klubları yer alıb: Cəmi 1 ulduz. Mövsümün əvvəlində Azərbaycanı avrokuboklarda təmsil edib, mərhələ adlayan sözdə Naxçıvan təmsilçisinin akademiyası xəritədə iki nöqtədə yerləşir: U14 və aşağı yaş qrupları – Naxçıvanda, U15–U19 yaş qrupları – Bakıda fəaliyyət göstərir. Akademiya direktoru daimi olaraq Naxçıvanda yaşayır ki, bunun nəticəsində akademiyada vahid idarəetmə mərkəzi mövcud deyil. Bir sözlə, Bakıda çalınan havadan naxçıvandakıların xəbəri yoxdur.
Premyer Liqanın yeni sakinlərindən “Karvan” və “İmişli”nin də vəziyyəti kritikdir. İnfrastruktur yaxşı vəziyyətdə olub, yeni akademiya binasının təmir olunduğu Yevlax təmsilçisi nə əsas futbol komandasını, nə də aşağı yaş komandalarını doğru idarə edə bilir. Nəticə bütün cədvəllərin son pillələrində yer almaqdır.
“İmişli”yə gəlincə, Misli Premyer Liqasının üstü bəzək komandası olduğunu sübut edir. Stadionu yox, akademiyası yox. Qazandıqları Premyer Liqadakı xallar, itirdikləri isə İmişli futbolundan çıxa biləcək potensial Bəhlullar olacaq.


