Azərbaycan U-21 yığmasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı oyundan sonra jurnalistlərə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis 0:4 hesabı ilə yekunlaşan oyun barədə bu sözləri deyib:

"İki fərqli hissə alındı. Birinci hissəyə görə uşaqların konsentrasiya yüksək idi. Düzdür, Portuqaliya dominantlıq edirdi, lakin ciddi epizod yox idi. İkinci hissədə konsentrasiyanı itirdik. Bir az rahatlaşdıq. Ən böyük problemimiz standart vəziyyət idi. Qollar buraxdıq. 1-ci hissəyə görə oyunçulara təşəkkürlər, minnətdaram. İkinci hissədəki səhvləri təhlil edib, nəticə çıxaracağıq. Uduzursansa, yaxşı oynadığımızı demək məncə düzgün deyil. Uduzmuşuqsa, deməli pis oynamışıq".

Rəşad Eyyubov matçın ilk hissəsinin qolsuz yekunlaşması və sonradan rəqibin fərqlənməsini belə izah etdi:

"Bu intensivlik ilə bağlıdır. Təsəvvür edin, I və ya II Liqada oynayan oyunçular bu gün Premyer Liqada oynayan futbolçulara qarşı oynayırdılar. Buna adaptasiya olmaq çətindir. Gücümüz birinci hissəyə yetərli oldu. İkinci hissədə intensivlik baxımından daha üstün idi".

33 yaşlı mütəxəssis "Yığmaya dəvət olunan futbolçulardan daha artığını gözləyirdiniz?" sualına belə cavab verib:

"Əlbəttə, daha artığı üçün hazırlaşırdıq. Taktiki baxımdan hazır idik. Fiziki baxımdan nə qədər optimal vəziyyətə çatdıra bilərdiksə, etdik. Yaxşı vəziyyətdə idilər, sadəcə bu, yetərli olmadı".