“Layiqli qələbə qazandıq”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Toral Bayramov deyib.
Müdafiəçi “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib: “Komanda olaraq yaxşı hazırlaşmışdıq. Böyük hesablı qələbə qazandıq. Millimizin tarixində rekord nəticə qeydə alındı. Sevincliyik. Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq.
Meydança ilk hissədə normal olsa da, ikinci yarıda yağışın güclənməsi səbəbindən vəziyyət dəyişdi. Penalti epizoduna gəldikdə isə düşünürəm ki, orada penalti yox idi. Hər ikimiz mübarizə aparırdıq”.
Qeyd edək ki, komandanın qollarını 2-ci dəqiqədə penaltidən Emin Mahmudov, 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə isə Rüstəm Əhmədzadə vurublar.


