Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"ı məğlub edən "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qələbəni və matçın gedişatını belə dəyərləndirib:

"Qələbə qazandığımız üçün xoşbəxtəm. Bu nəticə futbolçularımın haqqı idi. Üzərimizdə çox işləmişik və oyundan-oyuna artırmağımız gözlənilən idi. Düzdür, matça istədiyimiz kimi başlamadıq. Rəqib bizə sürpriz hazırlamışdı, mərkəzdə 4 nəfər olacaqlarını gözləmirdik. Müəyyən rahatlıq var idi, çoxlu top itirirdik. Sanki buraxdığımız qoldan sonra ayıldıq. Fasilədə müdafiədə dəyişikliklər etdik və ikinci hissədə çox yaxşı oynadıq. Bu qədər qol imkanı yaratdığımız üçün qələbəyə layiq idik".

Mütəxəssis komandaya qələbə qolunu qazandıran gənc hücumçu Nihad Əhmədzadənin çıxışına da toxunub:

"Nihad gəncdir, uşaqdır. Mübarizə aparmaq istəyir və daha yaxşı futbolçu olmaq arzusundadır. Bəzən meydanda ağıllı qərarlar verir. Sonda qələbə qolunu vurduğu üçün xoşbəxtik. Amma onun üzərində hələ çox işləmək lazımdır. Qarşıda oynamaq üçün böyük vaxtı var, lakin hər dəfə meydana çıxmağa layiq olduğunu sübut etməlidir. Əsas hücumçuları itirəndə vəziyyət asan olmur, alternativ həll yolları tapmalı və risk etməliyik".

Kandido növbəti turda qarşılaşacaqları və 6 ildir üstələyə bilmədikləri "Zirə" ilə matç barədə də danışıb:

"Rəqibin keyfiyyətli heyəti var. Ancaq mən məşqçiliyə başladığım gündən yalnız növbəti oyuna fokuslanıram. Bu statistikadan xəbərim yox idi. Bəlkə də indi bu məlumatdan futbolçularımı motivasiya etmək üçün istifadə edəcəyəm. Xahiş edirəm, bu statistikanı unutmayın! Bəzən bu cür seriesiyaları və ənənələri pozmaq lazımdır. Biz də "Zirə" ilə matçda bunu etməyə çalışacağıq".