"Mançester Siti" İngiltərə Premyer Liqasında 2009-2018-ci illər aralığında maliyyə qaydalarını pozmaqda ittiham olunsa da, klub bu məsələdə cəzalandırılmayacağına inanır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi apellyasiya mərhələsində təqdim edəcəyi yeni və təkzibedilməz sübutların ittiham qərarını ləğv edəcəyini düşünür. "Mançester Siti"nin hüquqşünasları Abu-Dabi hakimiyyətindən alınan sənədlərin, bank çıxarışlarının, 24 şahidin ifadələrinin ilkin dinləmədə düzgün qiymətləndirilmədiyini və bu materialların yeni mərhələdə əsas rol oynayacağını bildirir.
Klubun əsas arqumenti ondan ibarətdir ki, komissiya sponsorluq ödənişlərinin məhz Abu-Dabi hakimiyyətindən – sponsorların səhmdarından gəldiyinə dair sübutları nəzərə almayıb. "Mançester Siti" bu vəsaitlərin klub sahibindən yox, sponsorun səhmdarından gəldiyini və buna görə də qanuni kommersiya gəliri kimi qiymətləndirilməli olduğunu vurğulayır.
Bundan əlavə, klub Premyer Liqanın əsasən sızdırılmış elektron məktublara istinad etdiyini və heç bir birbaşa şahid təqdim etmədiyini qeyd edir. Apellyasiya müraciəti iki həftə əvvəl göndərilib. Premyer Liqa rəhbərliyi isə qərarın dəyişməyəcəyinə əmindir.


