Azərbaycan cüdosu tarixinin ən məhsuldar dünya çempionatlarından birini geridə qoydu. Bakıda keçirilən mundialda millimiz fərdi yarışları yeddi medalla başa vuraraq rekord nəticəyə imza atdı. Əhməd Yusifov 60 kq çəki dərəcəsində dünya çempionu olmaqla, 7 medal qazandıq.
Turnirin ətrafında yaranan mübahisələri nəticələrin arxasında gizlətmək olmaz. Millimizin yeddi medal qazanması böyük uğurdur. Ancaq bu nəticə yarışın bütün tərəflərinin uğurlu olduğu anlamına gəlmir. Hidayət Heydərovun gözlənilməz uğursuzluğu, qadın cüdoçularımızın medalsız qalması və xarici medianın Azərbaycan komandasının heyəti ilə bağlı sərt tənqidləri mundialın mənfi tərəfləri kimi diqqət çəkdi. Xüsusilə, Fransanın “L’Esprit du Judo” nəşrinin mövqeyi diqqətəlayiqdir. Nəşr Azərbaycanın dünya çempionatında 17 kişi cüdoçu ilə təmsil olunmasını, bəzi çəki dərəcələrində isə üç idmançı ilə mübarizə aparmasını tənqid etdi. Bu iştirak imkanlarının ev sahibi ölkəyə verdiyi üstünlük rəqabət bərabərliyi ilə bağlı suallar yaratdı. Qaydalar çərçivəsində mümkün olsa belə, ev sahibinin əlavə imkanlardan yararlanması digər ölkələrdə narazılıq doğurursa, bu, ciddi müzakirə mövzusudur.
Burada problem təkcə qaydaların pozulub-pozulmaması deyil. Beynəlxalq yarışın nüfuzu iştirakçılar arasında ədalətli rəqabət təsəvvüründən də asılıdır. Ev sahibinin üstün imkanları ətrafında belə mübahisələrin yaranması Azərbaycanın qazandığı idman uğurlarının müzakirəsinə də kölgə sala bilər. Yeddi medalın sevincini yaşadığımız bir vaxtda mundialın bu cür tənqidlərlə gündəmə gəlməsi arzuolunan mənzərə deyil.
Digər tərəfdən, Qadın cüdoçularımızın bir medal belə olsun qazana bilməməsində federasiya böyük məsuliyyət daşıyır. Vaxtı ilə tərtib etdikləri proqramda “qızlara ağ yaraşır” deyirdi. Bəli, biz də bu fikirlə ikiəlli razıyıq. Amma sadəcə görüntü naminə deyil, medal qazanan cüdoçu lazımdır. Bu qızlar Bakıda keçirilən turnirdə medal qazanmırsa, harda qazanacaq?
Hidayət Heydərovun doğma azarkeşlər qarşısında medal qazana bilməməsi də gözləntilərlə nəticə arasındakı fərqi ortaya qoydu. Olimpiya çempionundan dünya çempionatında daha uğurlu çıxış gözlənilirdi. Onun erkən məğlubiyyəti şəxsi uğursuzluq olmaqla yanaşı, hazırlıq və çəki məsələlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərdi.
Qadın cüdoçularımızın fərdi yarışlarda medal əldə edə bilməməsi isə başqa bir problemdir. Kişilərdən ibarət komandanın tarixi nəticəsi qadın cüdosundakı çatışmazlıqları ört-basdır etməməlidir. Əgər hədəf dünya cüdosunun aparıcı ölkələrindən biri olmaqdırsa, uğur yalnız kişilərin nəticələri ilə ölçülməməlidir. Qadın idmançıların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması da prioritet olmalıdır.
Nəticə etibarilə, Bakı mundialını yalnız rekord medalların fonunda qiymətləndirmək birtərəfli yanaşma olardı. Heyət məsələsi, vurğulanan problem federasiya tərəfindən ciddi şəkildə müzakirə edilməlidir. 7 medal qazanılması başgicəllənmə effekti versə, gələcəkdəki işimiz Allaha qalıb…


