La Liqanın prezidenti Xavyer Tebas "Real Madrid"in onun istefasını tələb etməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Tebas klubun rəsmi bəyanatına cavab olaraq "Real Madrid TV"nin fəaliyyətini tənqid edib və bildirib ki, rəhbər olduğu 13 il ərzində dəfələrlə "Real Madrid" rəhbərliyi onun istefasını tələb edib və müxtəlif yollarla onu vəzifədən uzaqlaşdırmağa çalışıb.
Tebas qeyd edib ki, onun vəzifəsi müstəqillik tələb edir və "Real Madrid TV"nin La Liqaya qarşı davamlı və təhqiramiz hücumlarına qarşı passiv qalmaq olmaz. O əlavə edib ki, La Liqa "Negreyra işi" ortaya çıxan gündən etibarən fəal şəkildə hərəkət edib və passivlik ittihamlarını əsassız sayır.
Tebas həmçinin vurğulayıb ki, Florentino Peres aylarla İspaniya Futbol Federasiyasının rəhbər orqanlarında qalıb və onun istefası Joan Laporta ilə eyni gün – 30 oktyabr 2023-cü ildə baş verib. O, 24 noyabr 2024-cü ildə klub üzvlərinin toplantısında "Barselona" ilə münasibətlərin pozulması barədə suala cavab olaraq deyib: "Barselona" və "Madrid" bir-birinə kömək etməlidir. Niyə mübahisə edək?" Tebas sual edib ki, nə dəyişib və niyə bu gərginlik "Barselona"nın Superliqadan çıxması ilə üst-üstə düşür.
O, həmçinin "Real Madrid TV"nin narazılığının əvvəllər harada olduğunu soruşub və əlavə edib ki, əgər hakimlərin Negreyra ilə əlaqəsi olduğu iddia edilirsə, hər bir hakimə qarşı hansı sübutlar var və hansı fərdi şikayətlər təqdim edilib. Tebas bildirib ki, videoyazı təkbaşına sübut sayıla bilməz və konkret şəxslərə qarşı hücumlar ciddi və məsuliyyətsiz addımdır.


