“Qəbələ”nin yeni transferi Seydina Keyta klubun rəsmi saytına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi komandaya keçidi, infrastruktur və Azərbaycan futbolu haqqında təəssüratlarını bölüşüb.

Keyta bildirib ki, “Qəbələ”dən təklif alarkən tərəddüd etməyib:

“Düzü, 'Qəbələ'dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə klub haqqında çox şey danışmışdı. Onunla Latviyanın 'Liepaya' klubunda bir yerdə çıxış etmişik. Dodonun 'Qəbələ'nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi”.

Azərbaycan futbolu ilə yaxından tanış olduğunu qeyd edən müdafiəçi, "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarını mütəmadi izlədiyini vurğulayıb. O, həmçinin Qəbələdəki şəraitdən razılığını ifadə edib:

“Gördüyüm qədərilə Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür”.

Təcrübəli futbolçu sonda azarkeşlərə müraciət edərək, onları çətin günlərdə komandaya dəstək olmağa çağırıb:

“Hazırda 'Qəbələ' çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq”.