"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze komandanın hazırlıq prosesi və heyətə yeni qoşulan futbolçular barədə klubun mətbuat xidmətinə geniş müsahibə verib.

Offsideplus.az xəbər verir ki, təlim-məşq toplanışını doğma məkanda keçirməyə üstünlük verdiklərini deyən gürcüstanlı mütəxəssis, Qəbələdəki şəraitin yüksək səviyyədə olduğunu bildirib:

"Burada meydanların vəziyyəti və istirahət imkanları bizi tam qane edir. Ağır yükləmələrlə keçən hazırlıq prosesində əsas məqsədimiz iki həftə sonra başlayacaq çempionata qədər fiziki və oyun kondisiyasını bərpa etməkdir".

Yeni transferlərin performansına toxunan baş məşqçi, hücumçu İsmael Akinadenin debüt oyunundakı qolunu və müdafiəçi Seydina Keytanın vəziyyətini dəyərləndirib:

"Hər iki futbolçu təcrübəlidir və onların işə yanaşmasından razıyıq. Akinadeyə tam adaptasiya üçün bir qədər vaxt lazımdır. Keytanı isə xəstəlik səbəbindən 'Kəpəz'lə oyunda riskə atmadıq".

Sxadadze həmçinin heyətin gücləndirilməsi istiqamətində transfer çalışmalarının davam etdiyini və səhvə yol verməmək üçün hər bir namizədin diqqətlə araşdırıldığını vurğulayıb.

Qeyd edək ki, "qırmızı-qaralar" hazırlıq çərçivəsində yanvarın 14-də "Araz-Naxçıvan", 18-də isə "Baku Sportinq"lə qarşılaşacaqlar.