Rusiyalı UFC ağırçəkili döyüşçüsü Aleksandr Volkov UFC 334-də keçirilən Siril Qan və Coşua Xokit qarşılaşmasını sərt şəkildə tənqid edib. O, bu döyüşü texniki baxımdan zəif adlandırıb və onu məhəllə davasına bənzədib.

Offsideplus.az xəbər verir ki, Volkov döyüşlə bağlı belə danışıb: "Azarkeşlər üçün baxımlı və emosional döyüş idi. Xokit tamaşaçılara çoxlu hisslər yaşadır. O, saysız-hesabsız zərbə alır, amma yenə də irəli gedir. İnsanlar kiminsə əziyyət çəkdiyini görməyi sevir. Bu, Rokki hekayəsinə bənzəyir. Amma texniki baxımdan bu döyüş tamamilə zəif idi. Qan daha yaxşı çıxış edə bilərdi. Onun təkbətək mübarizədə müdafiəsi yaxşı idi, amma ayaqüstü döyüşdə, xüsusilə kikboksinqdə çox zəif təsir bağışladı. Xokit onu öz oyununa çəkdi. Qan yalnız əl zərbələri ilə kifayətləndi, ayaq zərbələrindən istifadə etmədi. Onun yumruqlarında güc yox idi. Bu mənə gəncliyimdə mağaza qarşısında içkili kişilərin dalaşmasını xatırlatdı. Onlar bir-birinə cüzi toxunurdular, amma heç birində güclü zərbə yox idi. Arenada bu döyüşə baxanda düşünürsən ki, bu heç vaxt nokautla bitməyəcək".

Qeyd edək ki, Volkov və Sergey Pavloviç Nyu-Yorkda görüşsələr də, bir-birilərinə əl verməyiblər.