Olimpiya çempionu və UFC-nin ağır çəkidə ən çox gözlənilən debütantlarından biri olan Gable Steveson, təşkilatda titul uğrunda döyüşə çıxmaq üçün tələsmədiyini bildirib. 26 yaşlı amerikalı idmançı UFC 329-da Elisha Ellison üzərində birinci raundda texniki nokautla qələbə qazandıqdan sonra diqqətləri üzərinə çəkib.

Offsideplus.az xəbər verir ki, Steveson jurnalistlərə açıqlamasında UFC ağır çəkidə kəmər uğrunda mümkün qədər tez döyüşmək istədiyini, lakin əvvəlcə azarkeşlərin və təşkilatın hörmətini qazanmaq niyyətində olduğunu deyib: "Ən qısa zamanda titul döyüşünə çıxmaq istəyirəm, amma əvvəlcə qəfəsdə özümü sübut etməliyəm. Azarkeşlər və rəhbərlik bilməlidir ki, mən bu imkanı haqq etmişəm. O vaxt gələndə tam hazır olacağam."

Steveson həmçinin bildirib ki, Con Cons və digər təcrübəli döyüşçülərlə birgə məşqlər onun inkişaf tempini xeyli sürətləndirib. "Son döyüşdə ayaq zərbələrimi və dizlərlə hücumlarımı göstərdim. Növbəti qarşılaşmada isə yeni elementlər əlavə edəcəyəm. Mənim üçün əsas olan azarkeşlərin və komandanın hörmətini qazanmaqdır. Qəfəsə çıxıb özümü sübut etməliyəm."

Steveson artıq növbəti UFC döyüşünü dəqiqləşdirib. O, gələn ay UFC 331-də Sean Sharaf ilə qarşılaşacaq. Steveson bu tempdə davam edib ilin sonuna qədər Madison Square Garden-da da döyüşmək niyyətindədir. "Sean Sharaf böyük və ağır rəqibdir, lakin onun yerə salınmalara qarşı müdafiəsi zəifdir. Mən bu döyüşə tam hazıram və düşünürəm ki, onun mənə qarşı heç bir şansı yoxdur," – deyə Steveson əlavə edib.