Braziliyalı döyüşçü Carlos Prates UFC rəhbərliyinin ona İslam Maxaçevə qarşı növbəti titul döyüşünü vəd etdiyini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, o, bu barədə Ariel Helvaninin "yutub" kanalında danışıb və yeni müqavilə imzaladığını, növbəti qarşılaşmasının titul uğrunda olacağını bildirib.

UFC 330 turnirində İslam Maxaçev İan Maçado Qarri üzərində qələbə qazanaraq titulunu müdafiə edib və ardıcıl 17-ci qələbəsini əldə edib. Maxaçev qarşılaşmadan sonra növbəti döyüşünü Ramazan ayından əvvəl keçirmək istədiyini, lakin əsas namizədlər Prates və Maykl Moralesin bir-biri ilə döyüşməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Buna baxmayaraq, Prates artıq titul döyüşünün ona məxsus olduğunu deyib. O bildirib ki, Moralesin əvvəlcə başqa bir döyüş keçirməsi lazımdır və yalnız bundan sonra titul şansı əldə edə bilər.

Prates özünü autsayder hesab etdiyini, lakin Maxaçevə qarşı döyüşmək arzusunda olduğunu qeyd edib: "Mən titul və ya pul üçün yox, özümü sınamaq üçün bu döyüşü istəyirəm. Həqiqətən inanıram ki, qalib gələ bilərəm və bütün dünyanı təəccübləndirə bilərəm".