Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) mətbuat xidməti Nik Kiriosun müvəqqəti olaraq yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı avstraliyalı tennisçi 2026-cı il iyunun 22-də Malyorkada keçirilən "ATP 250" turnirində dopinq-test verib.

İyulun 17-də WADA tərəfindən akkreditə olunmuş laboratoriya onun analizində kokain metaboliti olan benzoylekqonin aşkar edildiyini təsdiqləyib.

Kokain WADA-nın qadağan olunmuş maddələr siyahısında stimullaşdırıcılar və asılılıq yaradan maddələr kateqoriyasına daxildir. Bütövlükdə, onun yarışlar zamanı istifadəsi qəti şəkildə qadağandır. Kiriosun müvəqqəti cəzası avqustun 4-dən qüvvəyə minib.

Cəza müddətində avstraliyalı idmançıya turnirlərdə iştirak etmək, digər oyunçulara məşqçilik etmək, habelə ATP, WTA, "Böyük Dəbilqə" və ya milli federasiyalar tərəfindən təşkil olunan hər hansı tədbirdə bulunmaq qadağan edilib.