Azərbaycan nağıllarının məşhur qəhrəmanları Cırtdan və Göyçək Fatma 2026-cı ildə qadın voleybolçular arasında təşkil olunacaq Avropa çempionatının rəsmi maskotları seçiliblər.

Offsideplus.az xəbər verir ki, sevimli personajlar turnir boyunca tribunalarda azarkeşlərə həyəcan və rəng qatacaqlar. Təşkilatçılar bildiriblər ki, bu obrazlar sadəcə yarışın rəsmi simvolları olmaqla kifayətlənməyəcək, həm də ölkəmizin zəngin mədəni irsini, milli nağıl dünyasını və məşhur qonaqpərvərliyini Avropaya nümayiş etdirəcəklər.

Xatırladaq ki, "EuroVolley-2026"nın C qrupunun həyəcanı avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında yaşanacaq. Ev sahibi kimi mübarizə aparacaq Azərbaycan milli komandası qrupda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə üz-üzə gələcək.