Castin Geyci MMA karyerasında demək olar ki, hər şeyə nail olub və bu ilin iyununda UFC "Ağ Ev" turnirində İliya Topuriyanı məğlub edərək yüngül çəkidə mütləq çempion adını qazanıb.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı Geyci karyerasının sonuna yaxınlaşdığını etiraf edib və növbəti döyüşünün kimə qarşı və nə vaxt olacağı barədə hələ qərar verməyib. Onun meneceri Əli Əbdüləziz "Pound 4 Pound" podkastında çıxış edərək Geycinin son döyüşünün İslam Maxaçevə qarşı keçirilməsini təklif edib. Əbdüləziz bildirib: "Əgər Castin Geyci bir döyüş seçəcəksə, istəyirəm ki, ən böyük rəqibi seçsin. Bu, titul döyüşü də ola bilər, fərqi yoxdur. Əsas odur ki, ən böyük qazancı əldə etsin. Məncə, bu döyüş İslam Maxaçevə qarşı olmalıdır. Niyə də olmasın? Əgər bu, ən böyük qonorar olacaqsa, Geyci yüngül çəki titulunu da boşalda bilər".
Əbdüləziz həmçinin əlavə edib ki, hazırda Maxaçev və Geyci UFC-nin ən populyar döyüşçülərindən hesab olunur. Maxaçev həm 70, həm də 77 kq çəki dərəcəsində titul qazanıb və "Pound-for-Pound" reytinqində liderdir. Geyci isə Topuriya üzərindəki qələbəsindən əvvəl də MMA tarixinin ən maraqlı döyüşçülərindən biri kimi tanınıb.
Menecer bildirib ki, son qərarı Geyci və onun məşqçiləri verəcək: "Castin Geycinin MMA-da ən ağıllı məşqçilərdən biri var. Mən ona tam etibar edirəm. Geyci özü qərar verəcək ki, kimə qarşı döyüşsün. Çoxlu variantlar var. Maks Holloueylə revanş, yaxud Çarlz Oliveyraya qarşı döyüş. Amma mənim fikrimcə, ən maraqlı qarşılaşma İslam Maxaçevlə ola bilər".
Podkastın aparıcısı Kamaru Usman Geycinin UFC tarixində ən böyük amerikalı döyüşçü olub-olmadığını soruşub. Əbdüləziz isə Geycini Con Cons və Mayk Çendler kimi digər ulduzlardan üstün tutduğunu bildirib və əlavə edib ki, ABŞ prezidenti Donald Tramp üç həftə əvvəl Geyci ilə görüşərək ona böyük hörmət göstərib.


