Toronto "Raptors"un baş məşqçisi Darko Rajakoviç basketbol karyerası və Avropa basketbolunun gələcəyi barədə fikirlərini bölüşüb. Serbiyalı mütəxəssis uzunmüddətli inkişafı nəticələrdən üstün tutduğunu, gənclərlə işlədiyi dövrlərdən başlayaraq daim irəliləyişə önəm verdiyini bildirib. O, "Srvena Zvezda"dan maaşların ödənilməməsi səbəbindən ayrıldığını, İspaniyanın aşağı liqalarında çətinliklərlə üzləşdiyini və bu təcrübələrin onun liderlik üslubunu formalaşdırdığını qeyd edib.

Offsideplus.az xəbər verir ki, Rajakoviç insan mərkəzli yanaşmasının oyunçularla münasibətlərində mühüm rol oynadığını vurğulayıb. O, komandanın əsas oyunçusu Skotti Barnsi şəxsi Maykl Cordanı kimi gördüyünü, Barnsin fədakar və yorulmaz müdafiə oyununu yüksək qiymətləndirdiyini bildirib. Həmçinin, həmyerlisi Nikola Yokiçi Serbiya tarixinin ən yaxşı basketbolçusu adlandırıb: "Düşünürəm ki, Nikola Yokiç Serbiyanın bütün dövrlər üzrə ən yaxşı oyunçusudur. O, idman tarixinin ən böyük oyunçularından biridir".

Rajakoviç Avropa basketbolunun struktur dəyişikliklərinə də toxunub. O bildirib ki, "EuroLeague"in ən böyük üstünlüyü azarkeşləridir və onların dəstəyi misilsizdir. Lakin təşkilati baxımdan liqanın daha da inkişaf etməli olduğunu vurğulayan baş məşqçi, NBA və "EuroLeague" arasında əməkdaşlığın Avropa basketbolu üçün ən yaxşı addım olacağını düşünür: "Avropada basketbolun inkişafı üçün NBA Europe-un yaradılması və NBA ilə EuroLeague-in birgə işləməsi ən yaxşı hal olardı".