20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje İraqın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan (0:0) sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında portuqaliyalı mütəxəssis komandasının hazırlığından və çıxışından razı qaldığını bildirib:

"Təlim-məşq toplanışının gedişindən çox məmnunam. Futbolçularımız tələblərimizə müsbət cavab verirlər, bütün komandadan razıyam. Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır.

O ki qaldı bugünkü oyuna, birinci hissədə rəqibin qapısı qarşısında üç təhlükəli vəziyyət yaratdıq. Həmin epizodlarda daha dəqiq çıxış edə bilərdik. Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq. Oyunboyu müdafiədə inamlı olduq. Hücum fazasında da artırmağa çalışırıq".

Qeyd edək ki, U-20 millimiz İraq yığması ilə ikinci yoldaşlıq görüşünü noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.