Kişi tennisinin 1 nömrəsi Yannik Sinner "Rolan Qarros" turnirinin ikinci mərhələsində gözlənilmədən məğlub olaraq yarışı tərk edib. 

Offsideplus.az xəbər verir ki, İtaliyalı tennisçi dünya reytinqində 56-cı sırada qərarlaşan Xuan Manuel Serundoloya uduzub - 6:3, 6:2, 5:7, 1:6, 1:6.

Üçüncü setdə 5:1 hesabı ilə irəlidə olan Sinner, daha sonra ardıcıl yeddi qeymi rəqibinə güzəştə gedib. Hesab 5:4 və öz uduşunda 0:40 olarkən o, tibbi fasilə götürüb və bu zaman şiddətli başgicəllənmə ilə yanaşı ürəkbulanmadan şikayətlənib.

Bununla da Sinnerin mart ayından başlayan 30 matçlıq qələbə seriyası qırılıb. Eyni zamanda, onun ilk 50-liyə daxil olmayan rəqiblərinə qarşı keçirdiyi 59 oyunluq qalibiyyət seriyası da başa çatıb.