Elmir Kərimov yenidən "Qarabağ" klubuna qayıdıb.
Offsideplus.az xəbər verir ki, gənc fotoqraf özü açıqlamasında bunları deyib:
"Düzdü, bu mövzuya bir də qayıtmaq istəməzdim. Amma görürəm ki, hələ də müzakirə olunur. Bir ağdamlı olaraq, "Qarabağ"lı olaraq narahatlıq keçirirəm. Ona görə bununla bağlı açıqlama vermək istədim.
Mən "Neftçi" ilə oyundan sonra "Qarabağ"ın bazasında oldum, klub rəhbərliyi ilə görüşdüm. Görüşdə geniş müzakirə oldu. Yusif Cəfərov da orda idi.
Yusif səhv anlaşıldığını dedi. Rəhbərliyin başverənlərdən narahatlıq keçirdiyinə yaxından şahid oldum. Şəxsən çağırdıqlarına və səmimiyyət göstərdiklərinə görə təşəkkür edirəm.
Görüşün sonunda "Qarabağ" rəhbərliyi yenidən işə dönməyimi istədi. Klubun qapılarının hər zaman üzümə açıq olduğunu bildirdilər.
Fürsətdən istifadə edib, mənə görə, həqiqətən, narahat olan, maraqlanan jurnalistlərə təşəkkür edirəm. Çox böyük dəstək gördüm.
Amma təəssüflər olsun ki, arasında bəzi insanlar bundan istifadə etdilər. Mənim vasitəmlə illərdi azarkeşi olduğum "Qarabağ"ı gözdən salmağa çalışanlar oldu. Məsələnin bu səmtə çəkilməsini heç istəməzdim. Buna çox üzüldüm.
Açığı, qərar verməkdə çətinlik çəkirdim. Amma ailəm və yaxınlarımın məsləhətindən sonra yenidən "Qarabağ"da işimə davam edəcəyimə qərar verdim.
Hər ailədə narahatlıq, narazılıq olur. "Qarabağ" da mənə ailə kimidir. Ümid edirəm ki, hər şey arxada qaldı. Və bu gündən sevimli klubumda sevimli işimə olduğu yerdən davam edəcəm".(sportinfo.az)