Bolqarıstanın Samokov şəhərində təşkil olunan U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
Offsideplus.az xəbər verir ki, millimiz turniri 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın son günündə Əli Cavadlı (45 kq) möhtəşəm çıxışla yadda qalıb. Finalda Rusiya təmsilçisi Umar Boqatıryovla qarşılaşan güləşçimiz rəqibinə göz açmağa imkan verməyərək 9:1 hesablı qələbə qazanıb və qitə çempionu adını qazanıb.
Daha iki bürünc medal da aktivimizə yazılıb. Hüseyn Mustafazadə (51 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsüyə qalxıb.
Zöhrab Səfərov da eyni uğuru təkrarlayaraq moldovalı Vladislav Vasilevskini (9:0) məyus edib və yarışı 3-cü pillədə bitirib. Komandanın digər üzvü Elmir Çərkəzov (60 kq) isə bürünc medalın bir addımlığında uduzaraq mübarizəni dayandırıb.
Ümumi nəticədə 118 xal toplayan Azərbaycan yığması komanda hesabında Avropa üçüncüsü olub.


