Almaniya nəhəngi "Bayern Münhen" heyətinə yeni ulduz qatmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Nyukasl Yunayted"in cinah oyunçusu Entoni Qordon ilə "Bavariya" təmsilçisi arasında şəxsi müqavilə şərtləri barədə prinsipial razılıq əldə olunub.

Son xəbərlərə görə, 25 yaşlı ingilis futbolçu gələn mövsüm Bundesliqada çıxış etmək təklifinə "yaşıl işıq" yandırıb. Hazırda klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir.

"Sağsağanlar" öz ulduzu üçün 75 milyon funt-sterlinqdən (təxminən 87 milyon avro) çox tələb edir. Almaniya klubu əvvəlcə 55 milyon funt-sterlinq (63,5 milyon avro) təklif etsə də, rəhbərliyin Qordonu yay transfer pəncərəsinin "baş hədəfi" seçməsi qiymətin artırılacağına olan inamı gücləndirib.

Bu mövsüm bütün turnirlərdə 17 qol vuran Qordon karyerasının ən uğurlu dönəmini yaşayır. Onun Çempionlar Liqasındakı performansı "Bayern" rəhbərliyini (Maks Eberl və Kristof Freund) hərəkətə keçirən əsas amil olub.

"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau Qordonun son oyunlarda ehtiyatda qalmasını "gələcəyə baxış" kimi qiymətləndirib ki, bu da futbolçunun gedişinə dolayı yolla işarə kimi qəbul edilib.