Çimərlik güləşi üzrə Azərbaycan milli komandası mövsümün ən mühüm yarışında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, sentyabrın 26–27-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçiriləcək.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda mübarizə aparacaqlar.

Reglamentə əsasən, final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəki dərəcəsində ən çox xal toplayan pəhləvan dünya çempionu ünvanına sahib olacaq.

Qeyd edək ki, turnirdə ədaləti I-S dərəcəli azərbaycanlı hakim Asif Şirəliyev qoruyacaq.