Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub.
Offsideplus.az xəbər verir ki, sentyabrın 19-20-də baş tutan iki günlük tədbirdə məşqçilərin istirahəti və peşəkar inkişafı üçün müxtəlif seminarlar keçirilib.
Proqram çərçivəsində AGF-nin baş katibi Pərvin Piriyev federasiyanın strategiyası və strukturu haqqında təqdimatla çıxış edib. Təlimlərdə mütəxəssis Hakim İbrahimov fiziki hazırlıq, dietoloq Məhəmməd Abdullayev idmançıların düzgün qidalanması və çəkisalma prosesi, Murad Cabbarov isə rəqiblərin video-analizi və data bazasının yaradılması mövzularında məşqçilərə məlumat veriblər.
Tədbir zamanı Rafiq Hüseynov yığmaya seçim qaydaları haqqında danışıb, həmçinin ölkə çempionatlarının keçirilmə tarixləri müzakirə olunub. İştirakçılar həmçinin dünyasını dəyişmiş qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarovun məzarını ziyarət ediblər.


