UFC-nin sabiq çempionu Con Cons Geybl Stivsonun Şon Şarafa nokautla uduzduqdan sonra qəfəsi vaxtından əvvəl tərk etməsinə münasibət bildirib. Cons qeyd edib ki, məhz özü Stivsonu döyüşdən dərhal sonra arxa otağa aparmaq qərarı verib.
Offsideplus.az xəbər verir ki, Cons bu barədə belə deyib: "İnternetdə yayılan xəbərləri gördüm və aydınlıq gətirmək istəyirəm. Döyüş bitən kimi Geyblin dərhal arxa otağa aparılması qərarını mən verdim. Açığı, belə bir vəziyyətlə ilk dəfə qarşılaşırdım və ilk reaksiyam dostumu oradan çıxarıb onun vəziyyətinin yaxşı olduğuna əmin olmaq oldu. Geybl həm zəhmətkeşdir, həm də qələbə əzminə malikdir. Onu tam dəstəkləyirəm və inanıram ki, UFC-nin ən yaxşı ağır çəkililərindən birinə çevriləcək. Əminəm ki, o, geri dönəcək".
Qeyd edək ki, Stivson Şarafa qarşı döyüşdə cəmi 12 saniyəyə nokautla uduzaraq karyerasında ilk məğlubiyyətini alıb. Daniel Kormye isə Stivsonun qəfəsi vaxtından əvvəl tərk etməsini tənqid edib: "Orada dayan və haqq etdiyini qəbul et. Mən dayanıb ağlamışdım".


