"İnter"in baş məşqçisi Kristian Kivu A Seriyasının 5-ci turunda "Roma" ilə 2:2 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kivu ikinci hissədə daha çox qol imkanı yaratdıqlarını və oyunun əvvəlində çatışmayan fürsətləri tapdıqlarını bildirib. "Güclü rəqibə qarşı bir xal qazandıq. Oyunlara daha yaxşı başlamaq və ilk dəqiqədən etibarən diqqəti qorumaq lazımdır. Keçən mövsümlə müqayisədə yaxşı vəziyyətdəyik və əsas rəqiblərlə iki qarşılaşmadan sonra məğlub olmamağımıza, çempionatda 13 xal toplamağımıza sevinirəm. İkinci hissədə etdiklərimizdən yalnız müsbət nəticələri götürürəm", – deyə Kivu vurğulayıb.
Birinci hissədə nəyin alınmadığı barədə isə Kivu bunları əlavə edib: "Bu barədə düşündüklərimi paltardəyişmə otağında dedim və orada da qalacaq. Birinci hissədə nə baş verdiyini yaxşı bilirik və bunu komanda daxilində müzakirə etdik".
Baş məşqçi rəhbərliyi altında 100 xal toplamaq barədə suala isə belə cavab verib: "Bu, sadəcə rəqəmdir. Mən işimə köklənmişəm".


