“Kəpəz” klubunun rəhbərliyi və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Gəncə şəhər filialının üzvləri arasında görüş keçirilib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ərəfəsində təşkil olunan görüşdə şəhidlərə Allahdan rəhmət, qazilər və müharibə veteranlarına cansağlığı arzulayıb.
A.Abdullayev “Kəpəz”ə göstərdikləri dəstəyə görə görüş iştirakçılarına təşəkkür edib. O, 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları vurğulayaraq, qazilərin və veteranların klubun oyunlarına dəvət edilməsinin onların qarşısında mənəvi borc olduğunu qeyd edib: "Sizin mənəvi dəstəyinizə həmişə ehtiyacımız var. Çünki siz dövlət suverenliyinimizin bərqərar olması üçün canınızdan, qanınızdan keçmisiniz. Fəxrlə deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyiniz qəhrəmanlıqlar dillər əzbəridir. Sizin kimi qaziləri, veteranları diqqətdə saxlamaq, “Kəpəz”in oyunlarına dəvət etmək bizim borcumuzdur”.
Klub rəhbəri Prezident İlham Əliyevin Azərbaycanda, o cümlədən futbola göstərdiyi diqqətdən danışıb və “Kəpəz”in qarşısında duran hədəfləri açıqlayıb. O, Gəncənin rəmzlərindən olan klubun azarkeşlərin dəstəyi ilə əvvəlki şöhrətini qaytaracağına və yeni uğurlar qazanacağına inandığını bildirib.
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Gəncə şəhər filialının sədri Nemət Abdullayev dəvətə görə klub rəhbərliyinə minnətdarlığını çatdırıb. O, Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıb və Ali Baş Komandanın əmrlərinə bundan sonra da hazır olduqlarını bildirib. Futbola sevgisini ifadə edən N.Abdullayev “Kəpəz”ə dəstək göstərməkdən məmnun olduqlarını deyib.
Görüşün sonunda “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev fəxri fərmanla təltif olunub. Daha sonra iştirakçılar xatirə fotosu çəkdiriblər.


